Tramp: “Heç kim mənim qədər sərt olmayıb” | VİDEO

// ABŞ prezidenti Ukrayna, Rusiya və İran haqqında

      Tramp:    “Heç kim mənim qədər sərt olmayıb”    | VİDEO
  10 Mart 2025    Oxunub:963
ABŞ prezidenti Donald Tramp “Fox TV”yə müsahibəsində Ukrayna, Rusiya və İran mövzusunda aktual sualları cavablandırıb. Müsahibənin əvvəlində jurnalist Mariya Bartiromonun Oval Kabinetdə baş verənləri “Zelenskinin darmadağın edilməsi” adlandırmasına cavab olaraq Tramp Zelenskinin “ağıllı və sərt oğlan” olduğunu söyləyib:
- O, Baydenin vaxtında bu öllkədən pul ala bildi. Uşaqdan konfet alan kimi. Bu çox asan olmuşdu. Amma mən onun buna görə minnətdar olduğunu düşünmürəm. Biz ona 350 milyard dollar vermişik. Avropa 100 milyard verib. Biz 350 milyardı vermişik, o isə deyir ki, döyüşüblər, cəsarətləri var, çünki verilən silahlardan kimsə istifadə etməlidir.

Trampın sözlərinə görə, əgər hakimiyyətdə qalsaydı, Rusiya Ukraynaya girməz, HƏMAS 7 oktyabr hadisələrini törətməzdi: “Çünki İran saya oturmuş olacaqdı. HƏMAS-a, “Hizbullah”a və başqalarına verməyə pul tapmayacaqdı”.


ABŞ-nin Əfqanıstandan çıxmasını tarixlərindəki “ən biabırçı günlərdən biri” adlandıran prezident vurğulayıb ki, “heç vaxt Əfqanıstanda olduğundan daha pis təxliyə baş verməmişdi”.

Onun sözlərinə görə, Baydenin vaxtında ölkədə inflyasiya rekord həddə idi: “Lap ölümcül idi. Mənim seçkidə qalib gəlməyimə bunun da təsiri oldu”.

Ukrayna ilə sövdələşməyə toxunan Tramp deyib ki, orada titan və litium kimi nadir metallar var: “Məni bununla bağlı ən yaxşı mütəxəssislərlə söhbət etmişəm. Həmin metallar çox qiymətlidir”.

- Bayden heç bir halda 350 milyard verməli deyildi,- o əlavə edib - Avropa ilə bərabər ayımaq lazım idi. Onlar 100 milyard veriblər, biz isə 350. Avropa Ukraynaya verdiyindən daha çox pulu Rusiya neftini almağa xərcləyib. Yəni onlar pulu Rusiyaya verirlər, amma biz 350 milyardı Ukraynaya ayırırıq. Bayden heç bir halda bunu etməli deyildi.

Daha sonra o bildirib ki, Ukrayna məsələsi Polşa prezidenti ilə müzakirə edib: “Mən bugünlərdə Polşa prezidenti ilə danışdım. Prezident Dudanın mənə hörməti var. Mən ona dedim ki, bilirsinizmi, əgər ABŞ kənara çəkilsə, nə olacaq? Avropa Ukraynanın təhlükəsizliyini təmin edə bilməyəcək. Son 3 ildə baş verənlər göstərir ki, Ukrayna ABŞ-nin yardımı olmadan sağ qalmağı bacarmayacaq”.

Miqrasiya probleminə toxunan prezident deyib ki, “açıq qoyulan sərhədlərimizdən ölkəyə 21 milyon insan girib. Onların çoxu cinayətkarlardır”.

Tramp deyilənlərə rəğmən, Rusiyaya heç vaxt xoş münasibət göstərmədiyini söyləyib:
- Mən Rusiyaya qarşı çox sərt olmuşam. Heç kimin heç vaxt olmadığı qədər. Mən “Şimal axını-2” kəmərinin qarşısını aldım. Bayden isə gəldi və imkan yaratdı. Mən Rusiyaya sanksiyalar qoydum. Rusiyaya qarşı tətbiq olunması üçün “Cavelin”lər verdim. Yox, mən çox sərt olmuşam. Amma mən Putinlə yaxşı yola gedirdim. Yaxşı yola getdiyim üçün də mənim haqqımda deyirlər ki, “o elədir, o belədir...” Halbuki, heç kim Trampdan daha sərt olmayıb.



İranla bağlı suala cavab verərkən ABŞ prezidenti həmin ölkəyə ziyan vurmaq istəmədiyini söyləyib: “Onlar böyük insanlardırlar. Mən çoxlu iranlı tanıyıram. Amma hakimiyyətdiklər çox qəddar adamlardırlar. İran xalqı isə böyük xalqdır”.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Tramp   ABŞ  





Xəbər lenti